“ODEL” fabriki “InterFood Azerbaijan 2025” sərgisində iştirak etdi
“ODEL” fabriki 13–16 may tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən “InterFood Azerbaijan 2025” 30-cu Beynəlxalq Qida Sənayesi sərgisində uğurla iştirak edib.
Ənənəvi olaraq hər il baş tutan və qida sənayesinin əsas tədbirlərindən biri sayılan “InterFood Azerbaijan” sərgisi bu il də yerli və xarici iştirakçılar, həmçinin potensial biznes tərəfdaşları üçün önəmli rol oynayıb. Sərgi çərçivəsində KOBİA-nın təşkilatçılığı ilə qurulan stenddə “ODEL” fabrikinin müxtəlif çeşidli peçenyeləri sərgi iştirakçılarına təqdim edilib.
Sərgi iştirakçıları “ODEL”in stendində məhsulların dadına baxmaq, onların istehsal texnologiyası, istifadə olunan xammal və tətbiq edilən keyfiyyət standartları haqqında ətraflı məlumat almaq imkanı əldə ediblər.
Təqdim olunan məhsullar ziyarətçilər və potensial tərəfdaşlar tərəfindən böyük maraqla qarşılanıb. “ODEL” fabriki həmçinin sərgi müddətində bir sıra işgüzar görüşlər keçirərək yeni əməkdaşlıq imkanlarını müzakirə edib.
“ODEL” fabriki üçün bu sərgi yalnız məhsullarını nümayiş etdirmək imkanı deyil, həm də yerli və beynəlxalq bazarlarda daha geniş tanıtım və ixrac potensialının artırılması baxımından mühüm platforma olub.